
Ağxalatlı sehrbazlar
Kubra Məhərrəmova yazır...
Kubra Məhərrəmova yazır...
Deyirlər ki, həkimlər soyuqqanlı olurlar. Hətta çoxu deyir ki, pasiyentin yaxınlarına ölüm xəbərini elə çatdırırlar ki, sanki heç adam ölməyib. Sıradan, adi bir hadisə baş verib.
Amma əslində bir pasiyentin yaşaması üçün həkimlər və tibb işçiləri ən balaca şansa qədər vuruşurlar. Sadəcə bağlı qapılar arxasında olur deyə, çox zaman insanlar ancaq nəticəni görürlər. O da ya yaxşı olur, ya da...
Deyirlər ki, həkimlər yeganə varlıqdır ki, ölüm mələyindən qorxmur. Çünki onunla köhnə rəqibdirlər. Çox olub axı, insanları ən son anda o dünyanın astanasından qoparıb salıblar yerə.
Bəli, yerlə-göy arasında qalan adamları...
Sosial şəbəkələrdə ürək masajı edilərək bir insanın həyata qaytarılması üçün var gücü ilə çarpışan həkimlərin videoları xeyli sayda mövcuddur.
Bu hadisələr dünyanın hər yerində baş verir. Ən müxtəlif dillərdə danışan həkimlər, tibb bacıları, qardaşları komanda şəklində dayanmış ürəyin yenidən işə düşməsi üçün eyni qaydada protokolu həyata keçirirlər. Onlar üçün yenidən işə düşən hər bir ürək, geri qayıdan pasiyent ölümlə savaşın nəticəsidir.
Yəqin fikir vermisiniz, həkimlər tez qocalırlar. Saçları da tez ağarır. Gözlərində işıq da azalır sanki. Onlar ölümü elə yaxından görüblər ki, artıq heç nə onları təəccübləndirmir.
Sizə rahat gəlməsin hər gün ölümlə mərcə girmək. Pasiyent ya həkimdə qalacaq, ya da ölüm mələyinin müştərisi olacaq. Hər gün eyni mübarizə. Ölüm isə dünya qədər qocadır. Həkimlər isə cavan. İndi gəl baş çıxar bu qeyri-bərabər oyunda.
Ailəmizdə həkimlər olduğu üçün bu işin necə ağır olduğunu öz gözümlə görmüşəm. Çox vaxt ölüm həkimlə zarafat edir. Ağır vəziyyətdə olan pasiyentin vəziyyəti stabilləşir, müalicəyə tabe olur, hətta reanimasiyadan palataya köçürülür, həkim düşünür ki, adamı qopartdım ölüm mələyinin əlindən və gözlənilmədən saturasiya düşür, təzyiq düşür, ölüm pasiyenti aparır...
Çarəsizlik, həyatı ölümə uduzmaq...
Bu gün sosial şəbəkələrdə daha bir döyüşü gördüm. Göz yaşları olmadan baxa bilmədiyim video. Bir qrup cavan həkim elə xəstəxananın həyətində pasiyenti ölümün əlindən qoparırdı. Cırmaq-cırmaq qoparırdı. Hər bir saniyə üçün vuruşurdu. Əgər bu bir film olsaydı, ağ və qara tərəflərin çarpışmasını yerdə-göydə görərdik. Sanki iki böyük ordu qarşı-qarşıya gəlib və ölüm-dirim savaşına girib.
Bu gün Neftçilər Xəstəxasının həyətində məhz bu baş verdi. Ağ tərəf axıra qədər mübarizə apardı, qopardı adamı qaranlıq dünyadan.
Lap nağıldakı kimi işıqlı dünyaya qaytardılar adamı.
Bir insanın həyata qayıtmasından vacib və gözəl heç nə yoxdur. Çünki bu dünyanın ən gözəl neməti yaşamaqdır. Hətta "yaşamaq istəmirəm" deyənlər də ən son anda həkimlərə yalvarır ki, xilas olunsunlar. Lakin bəzən ən peşəkar, təcrübəli həkim belə ölüm qarşısında silahsız olur. Bəlkə də o məqamlarda bu qədər biliyin, təcrübənin mənasız olmasını da düşünür. Onsuz da sonu bioloji ölümdür deyə.
Amma istərdim ki, bu çətin dünyada həkimlər bilsin ki, adi insan üçün bir gün belə artıq yaşamaq bəzən bir dünya olur. Kimsə uzaqdan gələn doğmasını görmədən getmək istəmir. Kimsə sonuncu sözünü demədən ayrılmaq istəmir. Kimsə də ən doğma damını qucaqlamadan vidalaşmaq istəmir.
Ona görə də bizə siz lazımsınız. Ağxalatlı sehrbazlar... Son anı yaşamaq, sevmək, demək, vidalaşmaq üçün... Qəlbinizdəki mərhəmət və sevgi heç vaxt sönməsin. Bağrıma basıram bərk-bərk.
Arzu edirəm ki, həmişə olmasa da, daha çox siz qalib gələsiniz. Ürəkləri yenidən işə salıb insanlara işıq bəxş edəsiniz.
Lap mahnıdakı kimi:
Uzağın da adı var,
Uzağın adı sənsən,
Sənsizlik çətin gəlir, dostum, mənə,
Uzağı yaxın elə, Sehrbaz, Sehrbaz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
CəmiyyətBinədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətSabah 19 dərəcə isti olacaq - 24.04.2026
Azərbaycanda aprelin 24-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
CəmiyyətAzər Abbasova yüksək vəzifə verildi - FOTO
Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.