
"Sizi deyib gəlmişəm": "Molla Nəsrəddin" məktəbinin yaranmasından 120 il ötür
Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə, "Qeyrət" mətbəəsində çap olunub.
Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə, "Qeyrət" mətbəəsində çap olunub.
Gundem.today xatırladır ki, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr "Şərqi-rus", "Həyat" və "İrşad" kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. "Molla Nəsrəddin" jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi. Nəşrin redaktoru Cəlil Məmmədquluzadənin dediyi kimi, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı".
Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib. Jurnalın təsisçiləri görkəmli yazıçı Cəlil Məmmədquluzadə və ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdilər.
Nəşrin birinci nömrəsində toxunulmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Jurnal 1906-17-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.
Jurnal öz "lüğət"lərində, "tapmaca"larında, "mükalimələr"ində, "hesab məsələləri"ində, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.
Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.
Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət - "Molla Nəsrəddin" adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda həkim vəfat etdi - FOTO
Lənkəran rayonunda həkim Aşur Fərəcov dünyasını dəyişib.
Cəmiyyət43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlanıb - FOTO
Nazirlər Kabineti yanında yaradılmış "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası"nın 2025-2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb.
CəmiyyətBəxtiyar Bərxudarova vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
CəmiyyətBakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavinləri təyin edildi - FOTO
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmrləri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim ediliblər.