
Əməkhaqqı sistemində dəyişikliklər islahatların davamıdır
Pərviz Heydərov yazır...
Pərviz Heydərov yazır...
Ölkəmizdə əhaliyə əməkhaqqı, pensiya, təqaüd və sosial ödənişlər sahəsində olan artımlar həmişə müzakirə mövzusu olub. Sözügedən ödənişlərin strukturu, məzmunu və mahiyyəti, keyfiyyətli təşkili kimi məsələlər isə heç vaxt diqqəti cəlb etməyib. Bu da əslində çox ciddi mənfi faktor sayılır. Çünki keyfiyyət elə bir amildir ki, həmişə kəmiyyətə təsir edir. Bir çox hallarda bu, özünü birbaşa olaraq göstərmir. Ən təhlükəli məqam da bundan ibarətdir.
Bu baxımdan, cari il başlayandan dövlətimiz və hökumətimiz tərəfindən bir sıra addımlar atılır. Söhbət, ölkədə əməkhaqqı sistemində həm ümumi qanunvericilik, həm də dövlət qulluğu sahəsində köklü dəyişikliklərdən gedir. Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacağı və dövrü olaraq artırılacağı mexanizminin qanunla təsbiti inqilabi addımdır. Bu, ən azı ölkə üzrə aşağı əməkhaqqı səviyyəsinin, yəni minimum maaş həddinin ortaaylıq əməkhaqqı səviyyəsinə yaxınlaşmasının təmini sarıdan uğurla nəticələnəcək.
Xatırladım ki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqı həddini ortaaylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı öhdəlik olaraq götürüb. Hazırda sözügedən rəqəm heç 37% belə, təşkil etmir.
Dövlət qulluğunda əməyin ödənilməsi sisteminin yeniləndirilməsinə gəldikdə, müxtəlif əlavələrin (staj, müalicə müavinəti, hakimiyyət səlahiyyəti və s.) ləğv edilərək birbaşa vəzifə maaşına daxil edilməsi ilk növbədə şəffaflığın artmasına, vahid yanaşma yaradaraq sosial ədalətin təmin olunmasına və indiyədək mövcud olmuş bütün növ mürəkkəblik və disproporsiyaları aradan qaldırmağa yol açacaq. Bu da avtomatik olaraq işçilərin, mövcud kadr heyətinin sərf etdiyi əməyə maraqlarının yüksəlişinə, daha çox stimullaşdırıcı şəraitin ortaya çıxmasına zəmin yaradacaq.
Ümumiyyətlə, əməkhaqqıları üzrə ödəniş sistemində bu və ya digər məsələlərlə bağlı əlavələrin verilməsinin effektivsiz vasitə olduğu özünü çoxdan sübuta yetirmişdi. Özəl sektorda bu, demək olar, ilk gündən yoxdur. Halbuki, dövlətdən fərqli olaraq burada daha çox gəlir var.
Ölkədə əməkhaqqı sistemində qanunvericilik və dövlət qulluğu sahəsində sözügedən dəyişikliklər əslində, 2019-cu ildə başlanılan islahatların davamıdır, eyni medalın o biri üzüdür. Birincidə kəmiyyət sarıdan dəyişikliklər baş tutdu. Bu ildən isə keyfiyyət islahatlarına başlanılıb. 2019-cu ildən bəri, ölkədə ötən il də daxil olmaqla beş sosial islahat paketi həyata keçirilmiş, minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya üç dəfəyə kimi, müavinət və təqaüdlərin həddisə beş dəfədən çox artırılıb. Yəni, kəmiyyət baxımından yüksək dəyişikliklərə nail olunub.
Bəs, keyfiyyət? Bu sahədə islahata ehtiyac varmı? Əlbəttə, var. Hətta bu, daha dərindən həyata keçirilməlidir. Nəticədə gəlirlərin, ödənilən əməkhaqqılarının real ifadədə gücü genişlənməlidir.
Məsələn, minimum aylıq əməkhaqqına dair yazılarımda həmişə qeyd etmişəm ki, onun artımı ən aşağı əməkhaqqı alan işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü, xərclərini yüksəldir. Söhbət onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir.
Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta zamanı sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir ki, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
Sığortaedənin ödədiyi sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə - işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmində təşkil edir. Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.
Odur ki, minimum aylıq əməkhaqqına hər il yenidən baxılacağı təqdirdə işəgötürənlərin və yaxud da işçi götürmədən fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin yüksəlməsinin qarşısı alınmalı və ölkə üzrə ən aşağı maaş alanların gəlirləri daha yaxşı şəkildə qorunmalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatİsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.
İqtisadiyyatAlmaniya Azərbaycana biznes-missiya göndərəcək
Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.
İqtisadiyyatBir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.
İqtisadiyyatAzərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.