
Məryəm ananın yuyunduğu, Zevsin gizləndiyi, Afroditanın gözəlləşdiyi mağara - FOTO - VİDEO
Egey dənizinin qoynunda təmiz havası, əsrarəngiz təbiəti, qədim tarixi və dinc ab-havası ilə qonaqlarını qarşılayan İzmir səfərim zamanı yolumun bir hissəsi də Quşadası bölgəsində yerləşən Zevs mağarasından keçdi. Bu məkan haqqında çox eşitmişdim, amma etiraf edim ki, gördüklərim eşitdiklərimi də, gözləntilərimi xeyli üstələdi.
Egey dənizinin qoynunda təmiz havası, əsrarəngiz təbiəti, qədim tarixi və dinc ab-havası ilə qonaqlarını qarşılayan İzmir səfərim zamanı yolumun bir hissəsi də Quşadası bölgəsində yerləşən Zevs mağarasından keçdi. Bu məkan haqqında çox eşitmişdim, amma etiraf edim ki, gördüklərim eşitdiklərimi də, gözləntilərimi xeyli üstələdi.
Egeyin isti küləyi və yolun eniş-yoxuşunu geridə qoyanda, izlər məni sıx meşəlik olan bir cığırla aşağı endirirdi. Ətraf o qədər sakit idi ki, addım atdıqca səs-küy azalır, yarpaqların, çəmənlərin xışıltısı yoluma yoldaşlıq edirdi. Sükutun əhatəsində heç gözləmədiyim bir anda, ağacların arasından pəncərə kimi açılan bir mənzərə gördüm. Axtardığım sığınacaq idi.
Mağaraya yaxınlaşdıqca təbiət daha da sıxlaşır, sanki məni başqa bir dünya ilə tanışlığa hazırlayırdı. Nəhayət məşəqqətli və sehirli yollardan keçərək mağaranın girişinə çatdım. İlk baxışdan sadə görünən bu yerin daxilində tamamilə fərqli bir dünya gizlənmişdi, dərindən araşdırdıqca buna daha yaxından şahid oldum.
Mağara yeraltı çayların minillər boyu davam edən aşındırıcı, yumşaq səthləri cilalayan təsiri nəticəsində formalaşmışdı. Amma bu kahanın necə formalaşması, hansı hadisələrə şahidlik etməsi və sığınacaq rolunu oynaması daha maraqlı və cəlbedici idi. İçəri daxil olan kimi diqqəti çəkən əsas məqam hovuz formasında yaranmış təbii su hövzəsidir. Mavi-yaşıl çalara malik bu su adi su deyil və özünəməxsus mineral xüsusiyyətə malikdir. Düzü, hava isti olsa da, suya toxunanda soyuqluğu hiss etdim, amma bir neçə saniyə sonra bu hiss yerini qəribə bir rahatlıq və dincliklə əvəzlədi. Yəqin elə buna görə dərhal Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır" romanı yadıma düşdü. Necə ki, yeraltı çaylar üzə çıxaraq daha böyük bir coğrafi məkan formalaşdırır və ya onunla qovuşur, məcazi olaraq da əsərdən gəldiyim qənaət bu olmuşdu ki, yeraltı çaylar insanların içində boğduqları hissləri, "dəniz" isə onların qovuşmaq istədiyi rahatlıq və ya həqiqətdir. Eyni ilə mənim toxunub rahatlıq tapdığım bu su kimi.
Təbii ki, Zevs mağarası deyəndə, ağla təkcə təbii gözəllik deyil, həm də əfsanələr gəlir. Görünür, bu məkana xüsusi aura qatan da məhz həmin hekayələrdir. Belə ki, rəvayətə görə mağaraya adını verən Olimpin və səmanın hökmdarı Zevs dənizlər padşahı olan qardaşı Poseydonun qəzəbindən qorunmaq üçün məhz bu mağarada gizlənirmiş. Poseydon qəzəblənəndə üçbaşlı nizəsi ilə fırtınalar yaradır, dünyanı təhlükələrlə üz-üzə qoyurdu. Zevs də bu təhlükələrdən gizlənərək bu mağaraya sığınırdı.
Digər bir əfsanə də həmin dövrə aiddir. Belə ki, gözəllik ilahəsi Afrodita məhz burada, bu suda üzərək gözəlliyini qoruyurmuş. Bu səbəbdən bu gün də ziyarətçilər mağaranın dibindən çıxarılan palçığı bədənlərinə sürtür, quruduqdan sonra isə yenidən həmin su ilə yuyunurlar. Yerli sakinlər də bu palçığın və suyun xüsusilə dəri üçün faydalı olduğunu deyirlər.
Digər bir maraqlı əfsanə isə İsa peyğəmbərin anası Məryəmin adı ilə bağlıdır. Deyilənə görə, o, Sisam adasından Efesə səfəri zamanı bu mağarada dayanaraq istirahət edib və burada yuyunub. Elə bu səbəbdən də mağaranın suyuna mistik bir şəfa gücü aid edilir.
Yeri gəlmişkən, Məryəm anaya aid edilən ən etibarlı ziyarətgahlardan biri də məhz Quşadasından 26 kilometr məsafədə Səlcuq rayonunda yerləşir. Xristian dünyası üçün mühüm əhəmiyyət daşıyan bu məkan həm də müxtəlif ölkələrdən gələn turistlərin diqqət mərkəzindədir və xristianlar "Həcc" ziyarəti kimi hər il buranı ziyarət edirlər. Rəvayətə görə, İsa peyğəmbər çarmıxa çəkilərkən həvarilərindən Yəhyanı anası Məryəmə tapşırır. Daha sonra Məryəm ana və Yəhya bu əraziyə gələrək burada yaşamağa başlayırlar. Onun həyatının son illərini məhz burada keçirdiyi bildirilir. Həvari Yəhyanın məzarı isə Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərindədir. Ən azından yerli sakinlər şəhərdə onun adına olan türbə və məzarın sözügedən həvariyə aid olduğuna inanırlar. Maraqlıdır ki, Quşadasındakı Zevs mağarası ilə bu ziyarətgah arasında məsafə cəmi 26 kilometrdir və bu da əfsanəni insanlar üçün həm həqiqətə çevirir, həm də bölgənin təbii və dini-tarixi baxımdan nə qədər zəngin olduğunu bir daha göstərir.
Elə bu səbəbdən də mağaranın həndəvərindəki ağaclar da ziyarətçilər üçün inanc mənbəyi sayılır və həmin ağaclara əski parçaları bağlamaqla arzularının reallaşacağına inanırlar.
Sığınacaqdan ayrılanda bir müddət dayanıb ətrafdakı mənzərəni bir daha seyr etdim. Təbiətin sakitliyi, suyun dinclik bəxş edən rəngi və əfsanələrin yaratdığı mistik atmosfer bir araya gələrək insan təxəyyülünün də, təbiətinin də nə qədər əlçatmaz zirvələrə gedib çatdığını göstərirdi. Bu baxımdan, səfər təəssüratımı bir cümlə ilə ifadə etməli olsaydım, "əfsanələrin və təbiətin qovuşaraq yaratdığı canlı bir hekayə" deyərdim.
Çünki diqqətlə oxuyanda insan hər hekayədə özünü tapa bilər və ən vacib səfər insanın öz daxilinə etdiyi səyahətdir. Çünki insan özünü kəşf etdikcə, dünyanı da daha dərindən anlamağa başlayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA
Mayın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətAbşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO
Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.
CəmiyyətAzərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.
Cəmiyyətİyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirəcək. Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.