
"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb
Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.
Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə "Narimanfilm" MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru Ruslan Ağazadədir.
Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmində Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçün nəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaş qruplarından tamaşaçıların marağına səbəb olacaq.
Filmdə hadisələr indiki Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak" qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.
Filmin premyerası böyük maraqla qarşılanıb, yaradıcı heyət alqışlarla səhnəyə dəvət olunub.
Qeyd edək ki, bədii film may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.
Tədbir zamanı, həmçinin Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə hazırlanan və bu il təqdimatları keçiriləcək animasiya və filmlərin treylerləri nümayiş etdirilib.
Ekran əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov AZƏRTAC-a açıqlamasında filmin qədim tariximizə ekskursiya olduğunu deyib: "Filmdəki hadisələr təqribən eramızdan əvvəl VIII-VII əsrlərə aiddir. Əlbəttə tarixi bilmək, keçmişimizə arxalanıb irəliyə getmək daha məqsədəuyğundur. Filmdəki Ata Arbak obrazı qədim dildə idarəçi, rəhbər deməkdir, Qoytasar bizim qədim türk mədəniyyətinə, türk tarixinə aid bir personajdır. Ekran işindəki qəhrəmanlar daha çox mifik personajlardır. Yəni film sırf tarixi deyil, macəra və nağıl filmidir. Daha çox gənclər və yeniyetmələr üçün nəzərdə tutulub. Çox istərdik ki, ilk növbədə məhz gənc nəsil və yeniyetmələrimiz filmi izləsin, dəyərləndirsin və ondan bəhrələnsinlər".
Ekran işinin çoxkoloritli olduğunu qeyd edən bəstəkar-musiqişünas Məryəm Əlibəyli isə deyib: "Mənim öhdəmə düşən məsuliyyət Azərbaycanın tarixi, qədimliyi ilə bağlı özəllikləri film üçün bəstələdiyim musiqilərə yansıtmaq idi. Azərbaycan kino ənənələri musiqisindən kənara çıxmamaq şərti ilə musiqilər yaratdım. Burada bir çox qədim alətlərdən istifadə olunub. Yallı janrında da musiqi bəstələnib. Musiqiləri filmin süjet xəttinə uyğun yazaraq onun gözəlliyinə bir az da ahəng qatmağa çalışmışam. Ümid edirəm ki, hər kəs ekran işindən məmnun olacaq və Azərbaycan filminin möhtəşəmliyini görəcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətXalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO
"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".
Mədəniyyət"Euronews" Qarabağın musiqi ənənələrindən süjet hazırladı - VİDEO
Qarabağın musiqi ənənələri ifaçılığı, hekayəçiliyi və improvizasiyanı birləşdirərək mədəni irsin gələcək nəsillərə ötürülməsini təmin edir.
MədəniyyətQobustanda yeni qayaüstü təsvirlər aşkar edilib - FOTO
Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan növbəti monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.
MədəniyyətKönül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" - FOTO
"İncəsənət təhsilində müasir tədris metodlarının tətbiqi və yeni dərs vəsaitlərinin hazırlanması təqdirəlayiqdir. Son illər Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsili sahəsində sistemli islahatlar həyata keçirilir. Müxtəlif ixtisas fənləri ilə bağlı tədris proqramları yenilər, dərs vəsaitləri nəşr olunur".