
Bakıda yad adamların qucaqlaşdığı məkan: İnsanlar orada niyə "Niva" arzulayır?
Elşad Məmmədli yazır...
Elşad Məmmədli yazır...
Yeddi aydır tələbə qızımla yol yoldaşıyıq. Səhər saat 7-də yaşadığım Ceyranbatan qəsəbəsindən evdən çıxıb, fərdi maşınımla yola düşürük. Sumqayıt-Bakı yolundakı analoqu olmayan və sanki gündəlik "rituala" çevrilən "tıxac həyəcanı"nı yaşayaraq, qızımı saat 08:15-08:25 aralığında Tibb Universitetinə çatdırıram.
Daha sonra özüm işə gəlirəm, saat 08:35-08:45 aralığında redaksiyaya yetişirəm.
Maşınım dünən axşam xarab olduğu üçün bu gün taksi ilə yox, məhz ictimai nəqliyyatla gəlməyə qərar verdik. Açığı, hər gün tıxaclarda qalanda xüsusi zolaqda şütüyən avtobusları görəndə beynimdən dəfələrlə keçib ki, şəxsi avtomobilin "daşını atmaq" lazımdır. Bu gün fürsət ikən həm də bir təcrübə aparmaq üçün piyada saat 06:50-də evdən çıxdıq.
07 radələrində Ceyranbatan dayancağından ardıcıl olaraq keçən iki komfort avtobus saxlamadan getdi. Boş yer olmayanda burada dayanmırlar. Dəfələrlə təklif verilsə də ki, səhər saat 7-8 aralığında bir neçə avtobusun ilk sərnişin mindirmə məntəqəsi 30 mindən çox əhaliyə malik Ceyranbatan olsun, əhəmiyyət verilməyib.
07:15-dək Sumqayıt-Ceyranbatan-Masazır-Bakı xətti üzrə işləyən 500 nömrəli avtobus da gəlib çıxmadı.
"Manatlıq taksi"lər də artıq yoxdur, hərdən-bir yoldan keçənlər də "pik saat" fürsəti ilə 3, ən yaxşı halda 2 manat gediş haqqı istəyirlər. Heç kim də minmir...
Dadımıza isə qəfildən gəlib Ceyranbatan dayanacağında saxlayan bir "QAZel" markalı mikroavtobus çatdı. 07:16-da yola düşdük. Yol boyunca dayanacaqlardakı adamları seyr edirdim: Masazırda, Xırdalan ərazisində yüzlərlə insan avtobus, mikroavtobus gözləyirdi...
Sürüş taktikasından peşəkar olduğu hiss edilən sürücü "Xırdalan dairəsi"ndən sonra bəzi hissələrdə avtobus zolağına da girdi, bunun sayəsində 07:48-də gəlib "20 Yanvar"a çatdıq. Bunu da qeyd edim, əgər bu sürücü dəli-dolu olmasaydı, o tıxacda azı 50 dəqiqəyə paytaxta yetişəcəkdik. Əslində, yolda tıxac problemi olmasa 15-16 dəqiqəlik yoldur...
Hə, yeri gəlmişkən, çox vaxt iş yoldaşım, yaxın ərazidə yaşadığımız Vüsal Mehdioğlu da maşınla mənimlə birgə gəlir. Bugünkü bəlli durumda o, öz evinin yaxınlığından yola düşən "2 manatlıq" taksi ilə Bakıya yetişə bilmişdi.
Yolda ikən onunla "WatsApp"da yazışdıq. Sonrakı marşrutumuz üzrə mən qızımı 13 və ya 83 nömrəli avtobusla Tibb Universitetinə yola salıb, Vüsalla metroya minib işə gəlməyi qərarlaşdırdıq.
Qızımla dayanacaqda düz 20 dəqiqə avtobus gözlədik. Bir 83, bir 13 gəldi keçdi, amma basabas o həddə idi ki, minmək mümkün olmadı.
Müvafiq qurumlara maraqlı olsa, həmin saatlarda o dayanacaqdakı durumu təhlükəsizlik kameralarından görə bilərlər...
Artıq baxdım ki, özüm də işə gecikirəm, qızıma dayanacaqda avtobus gözləməyi tapşırıb (saat 08:28-də yazdı ki, hələ indi çatır. Yəni təxminən 35 dəqiqə avtobus gözləyib), Vüsal Mehdioğlu ilə birlikdə metro keçidinə endik. Giriş qapısına çatmağa 30-40 metr qalmış burada da "adam tıxacı"na düşdük.
İnsanlar metroya cəmi bir qapıdan buraxılırdı. Səbəb dünən yaşanan problemlə bağlı idi, vaqonlarda basabas olmamasına çalışırdılar.
Ancaq platformada da iynə atsan yerə düşməzdi. Qatar gəldi, minmək mümkün olmadı, tam dolu idi, bir ayaq üstə də dayana bilməzdin.
İkinci qatar isə 4 dəqiqə sonra gəldi. Addım atmağıma ehtiyac olmadı, arxadakı insanların inersiyası ilə avtomatik vaqona sürütləndik.
"İnşaatçılar" stansiyasında isə axın o qədər güclü oldu ki, artıq vaqonda qadınlı-kişili yad insanlar sözün əsl mənasında bir-biriləri ilə qucaq-qucağa dayandılar. Heç adam əksər yaxın qohumları ilə belə mehriban qucaqlaşa bilmir, ar edir.
"Mehribançılığın" bu forması artıq eybəcərdir, abırlı insanların əksəri başını aşağı dikib utandıqlarından bir-birinin üzünə baxa bilmirdilər. Çox adam gözlərini tavana zilləmişdi, bu məşəqqətin sona çatması üçün Yaradana dua edirdilər sanki...
Hərdən adamın yadına cibgirlər-filan da düşür, amma qətiyyən əlini tərpədib telefonun, cüzdanın cibində olub-olmamasını yoxlaya bilmirsən...
Azca aralıda daha sıx "mehribanlaşmış" halda dayanan Vüsal sanki gözlərimdən yağan "belə nə qədər dözmək olar" sualını oxumuşdu. Gülümsəyərək dedi:
"Belədir də, dözməliyik"...
Düşündüm, bəlkə vəziyyət təkcə bu gün belədir? Yan-yörədəki adamların sözlərindən bəlli oldu ki, 22 apreldə qismən daha sıxlıq olsa da, metroda pik saatlarda durum əksərən bu cürdür...
Vaxtım çox olsaydı daha incəlikləri, insanların reaksiyalarını daha tragikomik cümlələrlə əlavə bu yazıda əks etdirmək olardı.
Ancaq redaktəsini gözləyən xəbərlərin, məqalələrin yığılıb qalmaması üçün aşağıdakı abzasla bu yazıya yekun vurmaq məcburiyyətindəyəm:
Tam səmimiyyətlə deyirəm, ictimai nəqliyyat normal olsa, gündə 10 manatlıq benzin sərf etməmək, amortizasiya xərclərindən qurtulmaq, tıxaclarda əsəb keçirməmək, işə gələnədək yolda saytlara baxıb gündəmlə tanış olmaq üçün məmnuniyyətlə avtobus və metro ilə hərəkət edərəm.
Nəyə deyirsiniz and içim, əgər avtobusa normal şəkildə minib gələ bilsəm, tıxac stressi, "xərcartıran makina" olması səbəbindən fərdi maşınla "dostluğu" pozar
Oxşar Xəbərlər
CəmiyyətBarat Yusubov vəzifəsindən azad ediləndən sonra müavini də ərizəsini yazdı
"Yeni Klinika"nın direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsini icra edən Gülnar Nuriyeva vəzifəsindən azad olunub.
CəmiyyətMəktəblərdəki ağlasığmaz hadisələrin arxasında nə dayanır? - VİDEO
Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmənin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması ilə nəticələnən hadisə məktəblərdə psixoloji xidmətin effektivliyi məsələsini yenidən gündəmə gətirib.
CəmiyyətGoranboyda unudulan kənd: Nə normal asfalt var, nə də içməli su - VİDEO
Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində sakinlər yol və içməli su problemi ilə üzləşiblər.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir? - FOTO - 22.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.