
İstifadəsiz torpaqlarla bağlı yeni modellər və suyun idarə olunması: Nazirlə EKSKLÜZİV MÜSAHİBƏ
"Fermerin sahəsi boş qalıbsa, yəni tutaq ki, o köçübsə, dövlət tərəfindən yaradılan komissiya torpağı başqa şəxsə icarəyə verir. Oradan gələn gəlirin bir hissəsi əməliyyat xərclərinə sərf edilir, yerdə qalan hissə isə mülkiyyət sahibinin bank hesabına köçürülür".
"Fermerin sahəsi boş qalıbsa, yəni tutaq ki, o köçübsə, dövlət tərəfindən yaradılan komissiya torpağı başqa şəxsə icarəyə verir. Oradan gələn gəlirin bir hissəsi əməliyyat xərclərinə sərf edilir, yerdə qalan hissə isə mülkiyyət sahibinin bank hesabına köçürülür".
Bunu Gundem.today-a müsahibəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. Nazir müsahibədə növbəti beş il üçün hədəflərdən, əkin sahələrinin daha səmərəli istifadəsi üçün planlardan, ölkənin su qıtlığı ilə üzləşməməsi üçün atılacaq addımlardan və aqrar sahənin digər aktual məsələlərindən danışıb.
Nazirlə müsahibəni təqdim edirik:
- Son illər iqlim dəyişikliyinə görə dünyada su qıtlığı müşahidə olunur. Bu problemin Azərbaycanda yaşanmaması üçün hansı addımlar atılır?
- Hazırda bununla bağlı beş istiqamətdə iş aparılır. İlk növbədə mümkün qədər sututarlar yaradılmalı, su sahəyə qədər qapalı nəqliyyatla daşınmalı, sahədaxili şəbəkə qapalı sistemə keçirilməli, müasir suvarma sistemi qurulmalı, əkin sahələrində istifadə olunan suyun həcmi ölçülməli, yəni sayğaclar quraşdırılmalıdır. Bu istiqamətdə sadalanan tədbirlər həyata keçirilsə, hədəflərimizə nail olacağıq. Təbii ki, sözügedən işlərin reallaşdırılması üçün böyük həcmdə investisiyaya ehtiyac var. Qeyd edim ki, bu hədəflərə nail olunması müəyyən müddət tələb edir. Ancaq bu istiqamətdə işlər intensiv şəkildə davam edir.
- Necə düşünürsünüz, hazırkı reallıqda əkin sahələrinə verilən suların miqdarını ölçmək mümkündürmü?
- Mövcud infrastrukturda hələ ki bu mümkün deyil. Dünyada elə bir təcrübə yoxdur ki, hər bir fermerə açıq kanallarla verilən suyun həcmi tam ölçülə bilsin. Lakin qapalı sistemə keçid etdikdən sonra hər bir fermerə borularla verilən su ölçülə biləcək. Bu, sayğac qoymaqla mümkün olacaq. Buna ən yaxşı nümunə kimi İsraili misal çəkə bilərik.
- Cənab nazir, pambıq suya ən çox tələbat yaradan kənd təsərrüfatı bitkilərindən hesab olunur. Pambıq istehsalının artımı su ehtiyatlarını risk altına ata bilərmi?
- Məlumat üçün qeyd edim ki, pambıq ümumi əkin sahələrinin 10 faizindən aşağı hissəsini təşkil edir. Yəni hər il ölkədə 90-100 min hektar sahədə pambıq əkilir. Nəzərə alsaq ki, kənd təsərrüfatında istifadə olunan su ümumi həcmin 70 faizini əhatə edir, bu sahəyə yönəldilən suyun həcmi 10-15 faizdən çox deyil.
- Azərbaycanda əkilməyən torpaq sahələri ilə bağlı nazirliyin planları nədən ibarətdir?
- Torpaqların əkilməsinə nail olmalıyıq. Bu məsələ ilə bağlı dünya ölkələrinin praktikasını araşdırmışıq. Qeyd edim ki, Türkiyədə "toprak toplulaşdırma" layihəsi mövcuddur. Eyni təcrübəni Azərbaycana gətirmək istəyirik. Çünki ölkədə torpaq sahələri olduqca parçalanmış vəziyyətdədir: bir fermerin üç-dörd yerdə sahəsi var, yəni pərakəndədir. Burada məqsəd ayrı-ayrı məkanlarda olan torpaq sahələrini bir yerə gətirməkdir. Onları yol, su, drenaj infrastrukturu ilə təmin etməliyik. Müasir suvarmanın qurulmasına da xüsusi diqqət ayıracağıq. Bunlar olduqdan sonra işlər xeyli asanlaşar.
Bundan başqa, Türkiyədə başqa bir təcrübə də var ki, fermerin sahəsi boş qalıbsa, yəni tutaq ki, o köçübsə, dövlət tərəfindən yaradılan komissiya torpağı başqa şəxsə icarəyə verir. Oradan gələn gəlirin bir hissəsi əməliyyat xərclərinə sərf edilir, yerdə qalan hissə isə mülkiyyət sahibinin bank hesabına köçürülür. Azərbaycanda da bu istiqamətdə qanun layihəsi üzərində işləyirik. Qanun qəbul olunarsa, bu istiqamətdə işlər görəcəyik.
- Hazırda müzakirə olunan məsələlərdən biri də Azərbaycanda kəsilən heyvanlara görə yaş həddinin müəyyənləşdirilməsidir. Belə ki, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-32-ci illər üçün Dövlət Proqramı"nda da bu nəzərdə tutulub. Ümumilikdə bu addıma münasibətiniz necədir?
- Avropa ilə müqayisədə biz ortalama bir xırdabuynuzlu heyvanı dörd kiloqram daha aşağı çəkidə kəsirik. Bu gün orta kəsim çəkisini iki kiloqram artırsaq, biz Azərbaycana idxal olunan qoyun əti həcmi qədər əlavə ət əldə edəcəyik. Odur ki, mən bu layihəni dəstəkləyirəm.
- Bəzi hallarda fermerlər örüş çatışmazlığından şikayətlənirlər. Bu iddianı nə dərəcədə doğru hesab etmək olar?
- On-on beş il əvvəl aqroparkların qurulduğu dövrdə bəzi örüş sahələrinin təyinatı dəyişdirilərək əkin sahələrinə çevrildi. Lakin hazırda örüş sahələri çoxdur. Həmin dövrdə örüş sahələrinin azalmasının mənfi təsirləri oldu, xırdabuynuzlu heyvanların sayının azalmasına gətirib çıxardı. Amma bu bizi məcbur edir ki, intensiv təsərrüfatçılığa daha sürətli keçək. İribuynuzlu heyvan sahəsində intensiv, xırdabuynuzluda isə yarımintensiv təsərrüfata keçid etməliyik. Bunu nə qədər sürətli etsək, bir o qədər də qiymət təlatümlərini azalda, məhsul çatışmazlığını aradan qaldıra və ya özünütəminatı yaxşılaşdıra bilərik.
- Əksər torpaq sahələrinin əkin təyinatlı olması nə dərəcədə doğrudur?
- Burada optimal həcm seçilməlidir. Yem bitkilərinin əkilməsi özlüyündə heyvandarlıq sahəsinə, onların yemlə təmin olunmasına xidmət edir. Örüş isə xırdabuynuzlu mal-qara istiqamətli fermer təsərrüfatı üçün əhəmiyyətli