
Qərbi Azərbaycan Xronikası: "Nənəm danışırdı ki, ermənilər bizə topdan atəş açırdılar" - VİDEO
Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
"Miskin Abdal ocağı və günbəzi Sarıyaqubda yerləşirdi" adlı veriliş Göyçə mahalı, Basarkeçər (Vardenis) rayonu, Sarıyaqub kənd sakini Müslüm Məmmədovun həyat hekayəsinə həsr olunub.
1964-cü ildə anadan olan M.Məmmədov uşaqlıq və gənclik illərinin Şirvi dağının ətəyində yerləşən doğma kəndində keçdiyini bildirib:
"Kəndimizin adı əvvəllər Zərgərli olub. 1831-ci il kameral təsvirlərdə kəndin adı Başkeyti, sonra isə Sarıyaqub kimi qeyd edilib. Nənəm danışırdı ki, 1918-ci il hadisələri zamanı əhali qaçarkən ermənilər toplardan atəş açır, xeyli insan həlak olurdu. Sağ qalanlar Kəlbəcərə və Azərbaycanın digər bölgələrinə səpələnmişdilər. Sovet hakimiyyəti qurulandan sonra camaat geri qayıdaraq kənddə yaşayışı bərpa etdi".
Sakin bildirib ki, 1988-ci ildə ixtişaşlar başladıqdan sonra kəndə gediş-gəliş çətinləşib: "Rayon mərkəzinə gedənləri təhqir edirdilər, xəstələri xəstəxanaya aparmaq mümkün deyildi. Dekabrın əvvəllərində məcburi köç başladı. Camaat gecələr kəndi qorumaq üçün keşik çəkirdi, çünki ov tüfənglərimizi yığmışdılar. Yollarda ermənilər və rus əsgərləri insanların qarşısını kəsir, pul və qiymətli əşyalarını talayırdılar. Qardaşımgil kənddən piyada Kəlbəcərə, oradan isə Goranboya keçə bilmişdilər".
Müslüm Məmmədov kəndin qədimliyini vurğulayaraq azərbaycanlılara məxsus tarixi izlərdən söz açıb: "Burada çoxsaylı qədim yaşayış məskənləri var idi. Qəbiristanlıqda qoç heykəllər, uzun oğuz qəbirləri mövcud idi. Həmçinin Miskin Abdal bizim kənddə anadan olduğu üçün orada onun ocağı və günbəzi yerləşirdi".
Sonda doğma yurda qayıtmaq ümidi ilə yaşadığını deyən M.Məmmədov vurğulayıb ki, bütün kənd sakinləri Göyçəyə qayıtmaq və oranı yenidən abadlaşdırmaq həvəsindədirlər. Bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə soydaşımızın yaşadığı çətinlikləri və vətən həsrətini əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEO
Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.
CəmiyyətXərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.
CəmiyyətGürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEO
Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.
CəmiyyətPaytaxtda qorxulu vəziyyət: Evlər hər an dağıla bilər - VİDEO
Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.