
Femida müəllimə atəş açan şagirdi bağışlayacaq?
Kubra Məhərrəmova yazır...
Kubra Məhərrəmova yazır...
Əslində həmin müəllimin sağ qalması belə möcüzədir. Çünki ov tüfəngindən açılan atəşlə boğazından vurulmuşdu.
Həm də fotolardan da görünür ki, zərif, incə xanımdır. Nə yaxşı ki, ölümün pəncəsindən qurtula bildi. Ümid edirəm, bundan sonrakı həyatı rahat və sakit keçər.
Belə baxanda ən təhlükəsiz, risk faktoru demək olar ki olmayan işdə çalışır, müəllimdir. Uşaqlar, məktəb, kitab-dəftər, tədris...
Pilot, yanğınsöndürən, hərbçi, polislə müqayisədə daha təhlükəsizdir. Düzdür arada jurnalistlərə də atəş açırlar, amma bu tam başqa məsələdir.
Yadınıza salım ki, bu il fevralın 6-da Bakıda, "İdrak" liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimi Şəhla Kamilovaya tənəffüs vaxtı odlu silahdan atəş açmışdı.
Bu gün isə müəllim şagirdini bağışladı. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Psixoloji ekspertiza da deyir ki, Ə.Ş.-də anlaqlılığı istisna etməyən psixoloji pozuntu müəyyən edilib. Yəni müəyyən psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırkı rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər.
Açığı burada çox ağır dilemma var. Şagirdi bağışlamasaydı, 10-cu sinif şagirdi Ə.Ş ən ağır ittihamla azadlıqdan məhrum edilə bilərdi.
Amma bağışlanma və ekspertizanın psixi problem rəyi onun 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum olunacaq.
10 il də az deyil, özü də bu yaşda.
Hüquqşünaslıqdan uzaq, bütün qanun-qaydaları uzaq tutub hadisəyə humanist tərəfdən yanaşsaq, yeniyetmənin bu yaşda həbsxanaya düşməsi heç də yaxşı hal deyil. Oradan necə çıxacağı da.
Amma ov tüfəngi ilə məktəbdə var-gəl edən aqressiv yeniyetmə gözü ilə baxsaq, adam həm özü, həm də ətrafı üçün təhlükə saçır. Onun azadlıqda qalması da cəmiyyət üçün riskdir.
Bir neçə gün əvvəl Türkiyədə buna oxşar qanlı hadisə yaşandı.
Kahramanmaraşda 15 apreldə 8-ci sinif şagirdi İsa Aras Mersinli təqaüddə olan polis rəisi atasının beş silahını çantasına yığaraq məktəbə gətirir. O, iki ayrı sinfə daxil olaraq uşaqlara atəş açıb. Məktəbdə müəllim kimi çalışan Ayla Kara şagirdlərini qorumağa çalışarkən həlak olub. Hücumu törədən 14 yaşlı yeniyetmə isə sonda özünə atəş açaraq intihar edib. Dəhşət filmi kimi bir hadisə.
Ümumilikdə bu hücumda səkkiz şagird və bir müəllim həyatını itirib, 13 nəfər isə yaralanıb.
Azərbaycandakı müəllim şagirdini bağışlayır ki, onu həbsxanadan xilas etsin.
Türkiyədəki müəllim isə həyatını şagirdlərə bağışlayır ki, onların həyatını xilas etsin. Hər iki halda müəllim qurban gedir.
"İdrak" liseyinin riyaziyyat müəllimi Şəhla Kamilova bu mərhəmətli addımı atmaqla cəmiyyətə hansı mesajı verir? Bu, mənəvi cəhətdən humanist addım olsa da, eyni zamanda potensial təhlükəyə göz yummaq kimi də dəyərləndirilə bilər. Bu bağışlanma addımı fərdi olsa da, sabah bu ictimai nəticələr verəcək. Oxşar hadisələr üçün presedent yaradacaq. Bu halda tərəzidə nə duracaq? Mərhəmət, yoxsa cəza?
Bu ssenariləri göz önündə canlandırdıqca adamın qanı donur.
Demək olar ki, dünyanın hər yerində məktəblər artıq "Təhlükəsiz liman" statusunu itirir. Müasir dünyada məktəblər silahın, ölümün, aqressiyanın, narkotik vasitələrin, bulinqin rahatlıqla keçə biləcəyi məkana çevrilir. Məktəb müxtəlif fərdlərin mübarizə poliqonuna, cinayətkar sindikatların bazasına, vuran-yıxan, kriminal obrazları özü üçün kumir yaradan yeniyetmələrin ilk təcrübə ocağına çevrilir. Daha gücsüz və fağır şagirdlər isə onların laboratoriya siçanına. Hər təcrübə isə kriminal rüşeymi həmin ortamda daha da inkişaf etdirir. Belə anlaşılır ki, sistem artıq "çətin yeniyetmələrlə" bacarmır. Artıq onlar sistemə istədiklərini diktə edirlər.
Məktəblərdə güclü və gücsüzlər tərəfi yaranır. Gücsüzlər də güclülərə tabe olur.
Heç kimə sirr deyil ki, elə Azərbaycanın məktəblərində də 13-14 yaşından şagirdlər ya elektron, ya da adi siqaretlər çəkirlər. Özü də bu, artıq cinsə görə dəyişmir. Qız-oğlan, hamısı çəkir. Məktəblərin bunun qarşısını almaq kimi mexanizmi də yoxdur.
Məktəbin və müəllimlərin əvvəlki nüfuzu da yoxdur. Sistem köhnə təsir gücünü itirib, yenisini isə hələ qura bilməyib. Belə görünür ki, silahın məktəbə girməsinin də qarşısını almağa gücü yoxdur. Ən qorxulusu isə odur ki, biz artıq bu cür xəbərlərə təəccübləmirik.
Zorakılıq hadisələri isə adi xəbərə çevrilir. "Vay-vay" deyib telefonun ekranını yuxarı sürüşdürüb növbəti xəbərə keçid alırıq.
Sadəcə düşünürük ki, şükür Allaha, bizdən yan keçdi. Şükür Allaha vuran da, vurulan da mənim uşağım deyil...
"İdrak"ın şagirdi isə Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Ən azı 10 il... 16 yaşında yeniyetmənin taleyi isə artıq hamımızdan yan keçib. Onun taleyi artıq nə müəllimin əlindədir, nə də ailəsinin. Müəllim onu vurmaq istəyən şagirdini bağışladı.
Bəs, Femida necə, bağışlayacaqmı?
Xəbər
Oxşar Xəbərlər
CəmiyyətKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.
CəmiyyətKürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.
Cəmiyyət"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEO
Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.
CəmiyyətKlinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.